XƏBƏRLƏR ƏLAQƏ

Pirallahı rayonunda dərman istehsalı zavodu tikiləcək

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.

İnfuzion məhlullar insan orqanizmində su-elektrolit balansının qorunması və optimal metabolizmin təmin olunması məqsədilə istifadə olunur. Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulur. Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb.

Ümumi dəyəri 13,7 mln. manat olan layihədə AİŞ-in payı 20% təşkil edir. Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 mln. ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd: "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti dövlət başçısının "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmillləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.