XƏBƏRLƏR ƏLAQƏ

“Azərbaycan İnvestisiya Şirkəti” logistika və daşınma üzrə şirkətə investisiya yatırıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə logistika və daşınma sahəsində fəaliyyət göstərən “Login International” şirkəti arasında beynəlxalq tranzit daşımaları, ixrac və idxal əməliyyatların həyata keçirilməsinə dair investisiya müqaviləsi imzalanıb.

“Login International” 50 TIR nəqliyyatı vasitəsinə malik yerli logistik şirkət olaraq beynəlxalq tranzit daşımalarını, ixrac-idxal əməliyyatlarında operativliyi təmin etmək məqsədi ilə 22 noyabr 2021-ci ildə təsis olunub.

Şirkətin hədəfi ixrac daşınmalarının optimallaşdırılması və yerli sahibkarların istehsal etdiyi məhsulların dünya bazarına sürətli  və sərfəli şərtlərə çatdırılması, yerli sahibkarların beynəlxalq logistika sahəsində rəqabətə davamlılığını möhkəmləndirməkdir.

İlkin mərhələdə 62 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Şirkət müştərilərdən artan tələbata uyğun olaraq, Türkiyə, Çin və Gürcüstanda ofislər açmağı planlaşdırır. Layihəyə AİŞ tərəfindən 897.000 manat məbləğində investisiya yatırılaraq 29,9%-lik pay əldə edilib.

Qeyd: "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti dövlət başçısının "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmillləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və prosedurların təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.