XƏBƏRLƏR ƏLAQƏ

ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) və Litvanın “Dominari” şirkəti arasında əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonunda mebel komponentləri istehsalı layihəsi həyata keçiriləcək.

Yeni yaradılan birgə müəssisədə (“East Components Company” MMC) ABDF-in payı 21% təşkil edəcək. Müəssisə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ərazisində fəaliyyət göstərəcək. “Dominari” şirkəti layihədə əsas investor, avadanlıq təchizatçısı, texniki bilik və istehsal təcrübəsi təminatçısı, həmçinin məhsullar üzrə zəmanətli alıcı qismində çıxış edəcək. Bu əməkdaşlıq modeli layihənin ilkin mərhələdən etibarən stabil bazar çıxışının formalaşdırılmasına xidmət edir.

Ümumi dəyəri 9,8 milyon AZN təşkil edən layihənin ilk mərhələsində 1,77 hektar ərazidə taxta mebel komponentlərinin istehsalı üzrə ixtisaslaşmış müəssisənin yaradılması planlaşdırılır. Müəssisənin fəaliyyətə başlaması ilə təxminən 70 yeni iş yerinin yaradılması gözlənilir.

Layihə işğaldan azad olunmuş ərazilərdə sənaye istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslərə töhfə verməyi hədəfləyir.