Dekabrın 23-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), eləcə də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz iştirak ediblər.
Tədbirdə çıxış edən Baş nazir Əli Əsədov keçirilən Forumun dövlət strukturları ilə biznes mühiti arasında açıq və məhsuldar dialoqun formalaşdırılması, perspektivli investisiya layihələrinin müzakirəsi və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb.
Forum çərçivəsində gələcəyin texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi, regionlararası ticarət və logistika, eləcə də maliyyə və sığorta sahələrini əhatə edən panel müzakirələr keçirilib.
Forumun “Biznesə Maliyyə və Sığorta Dəstək Mexanizmi” mövzusuna həsr olunmuş panel sessiyasında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) Baş direktoru Murad Abdullayev çıxış edib. O, çıxışı zamanı ABİF-in əsas fəaliyyət istiqamətləri, sahibkarlara təqdim edilən paylı investisiyalar, güzəştli kredit, eləcə də zəmanət və subsidiya mexanizmləri kimi maliyyə alətləri barədə ətraflı məlumat verib. Eyni zamanda Türkiyə mənşəli şirkətlər ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələr, qarşılıqlı investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslər diqqətə çatdırılıb. Fondun baş direktoru bu cür platformaların sahibkarlar arasında etimadın möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və real investisiya layihələrinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Forumun Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiya axınının artmasına və hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan birgə layihələrin uğurla reallaşdırılmasına töhfə verəcəyi vurğulanıb.