"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) həyata keçirilmiş uğurlu layihələrdən biri də “Diamed” şirkətlər qrupu ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan investisiya təşəbbüsləridir. Belə ki, 2017-ci ildə illik istehsal gücü 150 milyon ədəd olan “Birdəfəlik şprislərin istehsalı zavodu”nun, 2022-ci ildə isə illik istehsal gücü 20 milyon litr təşkil edən “Venadaxili infuziya məhlulların istehsalı zavodu”nun fəaliyyətinə investisiya yatırılıb. Hər iki zavod ən yüksək beynəlxalq standartlara cavab verən ISO 7886-1, ISO 14644-4, ISO 9001 və EN ISO 13485 sertifikatları əsasında fəaliyyət göstərir. Hər iki zavod istehsal prosesində müasir istehsal texnologiyalarından istifadə edərək və innovativ yanaşmalar tətbiq edərək, yerli və xarici bazarı beynəlxalq standartlara uyğun, keyfiyyətli tibbi məhsullarla təmin etməklə müştəri məmnuniyyətini ön planda tutmağı hədəfləyir.
Bundan əlavə, “Diamed” şirkətlər qrupunun fəaliyyəti sosial rifahın artırılması istiqamətində də mühüm rol oynayır. İstehsalat müəssisələrinin fəaliyyətə başlaması nəticəsində yerli əhali üçün 100-ə yaxın daimi iş yeri yaradılıb ki, bu da regionda məşğulluğun artırılması baxımından əhəmiyyətli göstəricidir.
"Azərbaycan İnvestisiya Şirkəti"nin bu cür layihələrə verdiyi dəstək, ölkədə davamlı iqtisadi inkişafın və rəqabətqabiliyyətli sənaye sektorunun formalaşmasına şərait yaradır. Əczaçılıq kimi strateji sahələrə yatırılan investisiyalar isə, yalnız iqtisadi deyil, həm də sosial və ictimai baxımdan mühüm nəticələrin əldə edilməsinə səbəb olur.